İnfobloq


Fetal exokardioqrafiyanın əhəmiyyəti

Xəstəlik və müalicə 14.04.16 1368


Fetal exokardioqrafiya nədir?

Fetal exokardioqrafiya - səs dalğaları ilə dölün ürəyinin müayinəsi prinsipinə dayanır, dölə və anaya məlum olan bir zərəri yoxdur.

Fetal exokardioqrafiyanın əhəmiyyəti

Anadangəlmə ürək qüsurları canlı doğulan uşaqların %1-də rast gəlinir. Uşaqların böyük əksəriyyətində ürəyin normal olması ilə yanaşı, kiçik bir qismində müxtəlif ağırlıqda ürək xəstəlikləri ola bilər. Fetal exokardioqrafiya vasitəsi ilə, ola biləcək hər hansı bir ürək patologiyasının doğuşdan əvvəl aşkarlanması, həkimlərin və ailənin doğuş zamanı və ondan sonrakı taktikasını təyin edir. Misal üçün Fransada anadangəlmə ürək qüsurlarının fetal diaqnostikası 48% təşkil edir. Almaniyada 40%, ABŞ-da 36%, Rusiyada 9,5%. Ölkəmizdə təəssüflər olsun belə statistika yoxdur.

Bəzi patologiyalar doğuşdan dərhal sonra müdaxilə tələb edir. Bu xəstəliklər zamanı (aorta darlığı, aorta koarktasiyası, aortik qövs kəsintisi böyük damarların transpozisiyası, sağ mədəciyin hipoplaziyası, pulmonar darlıq və atreziya, trikuspid atreziya, mitral atreziya, hipoplastik sol ürək sindromu, total anormal pulmonar venoz dönüş və s.) doğuşdan dərhal sonra medikamentoz müalicə, invaziv və ya kardiocərrahi müdaxilə tələb oluna bilər.

Medikamentoz müalicədə digər dərmanlarla yanaşı prostaqlandinlər istifadə olunur. Prostaqlandinlər Botal axacağın (aorta ilə ağciyər arteriyası arasında əlavə damar) qapanmasının qarşısını alır. Bu xəstəlikərdə anormal olsa da, qan dövranını yetərli həddə saxlayan Botal axacaq, açıq oval dəlik və ya qulaqcıqarası çəpərin defekti olur.

Yuxarıda qeyd olunan xəstəliklər eyni zamanda doğuşdan dərhal sonra invaziv müdaxilədə tələb edə bilər. İnvaziv yolla yenidoğulmuşlarda:

  • atrial septostomiya (açıq oval dəliyin və ya qulaqcıqarası çəpər defektinin genişləndirilməsi);
  • balon valvuloplastika (ürək qapaqlarında olan darlıqların aradan qaldırılması);
  • balon angioplastika (damar darlıqlarının aradan qaldırılması);
  • botal axacaqa stend yerləşdirilməsi və s.

Uşaqlarda bəzi ürək patologiyaları mərhələli kardiocərrahi müdaxilələrlə aradan qaldırılır. Bu hallarda ilk mərhələ əməliyyatı yenidoğulmuş dövrdə həyata keçirilir (BT şant, ağciyər arteriyasının bandlanması və s.)

Doğuşa qədər diaqnozu dəqiqləşdirilmiş uşaqların pediatrik kardiologiya və kardiocərrahiyə şöbələri olan mərkəzlərdə dünyaya gəlməsi, onların həyatda qalma şanslarını kəskin artırır.

Fetal exokardioqrafiya hansı hallarda məsləhət görülməkdədir

  • Ananın 35 yaş üzərində olması,
  • Anada şəkərli diabet xəstəliyinin aşkar olunması,
  • Anada fenilketonuriya xəstəliyinin olması,
  • Ananın hamiləliyinin 12 həftəsindən əvvəl qızılca, parvovirus və koksaki virus xəstəliyi keçirməsi,
  • Anada kollagen toxuma xəstəliyinin olması,
  • Ananın teratogenik (alkoqol, litium, fenitoin, valproik turşusu, trimetadon, isotretinon, amfetamin, talidomit) dərmanlardan istifadə etməsi,
  • Ana, ata, digər övladlarda və ya yaxın qohumlarda anadangəlmə ürək xəstəliyinin olması,
  • Ginekoloqun məsləhət bildiyi hallarda:
    • Döldə kardiovaskulyar sistem xəstəliklərinə şübhə və ya aşkar edilməsi;
    • Döldə kardiovaskulyar sistem xəstəliklərindən başqa xəstəliklərin (daun sindromu və s.) varlığında və ya şübhə edilməsi halında;
    • Dölün ürək vurğularının tezliyində dəyişikliklərin olması;
    • Ailənin istəyi və ya narahatçılığının aradan qaldırılması üçün.

Fetal exokardioqrafiya nə zaman edilir?

Transabdominal fetal exokardioqrafiya ideal olaraq 18-24 həftələr arasında edilir. Ancaq 16-18 hamiləlik həftələrindən etibarən də edilə bilər. Transvaqinal yolla fetal exokardioqrafiyanı 12-14 həftələr arasında etmək olar. Hamiləlik yaşı 25 həftədən yuxarı olduqca müayinənin informativliyi azalır.

Fetal exokardioqrafiyanın informativliyi

Uşağın ana bətnindəki yaşı, pozisiyası, ananın özəllikləri (köklüyü), plasentanın yerləşməsi, əkizlərin olması, dölyanı mayenin miqdarı, istifadə edilən cihazın texniki xüsusiyyətlərinin uyğunluğu, dölün görüntü keyfiyyətinə, dolayısıyla diaqnozun düzgünlük dərəcəsinə təsir edə bilər.

Ürəyin qulaqcıqlar arasındakı kiçik və orta ölçülü dəliklər, mədəciklər arası kiçik dəliklər, ürək qapaqlarının zəif darlıqları, pulmonar venaların dönüş anomaliyaları, koronar arteriya anomaliyaları, zəif ürək əzələsi xəstəlikləri və aortanın üst səviyyəsindəki zəif darlıqlar bu müayinə ilə aşkarlanmaya bilər.

Başlanğıcda zəif olan bəzi ürək xəstəliklərinin (zəif pulmonar darlıq, zəif aorta darlıq, zəif aorta koarktasiyası, ürək əzələsi xəstəlikləri) dərəcəsi, böyüyən hamiləlik yaşı ilə arta bilər. Bu səbəbdən belə uşaqların periodik müayinəsi lazım olur.

Dr. Elşən Rzayev



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!