İnfobloq


Enurez (qeyri-iradi sidik ifrazı)

Ana və körpə 14.03.16 330


Enurez 5 və daha böyük yaşlı uşaqlarda yuxu zamanı təkrar və spontan baş verən sidiyin xaric edilməsidir. Yəni deməli sidik saxlaya bilməmək diaqnozu xəstəlik kimi 5 yaşından sonra qoyulur. Enurez geniş yayılmış patologiyadır. Gecə enurezi gün ərzində baş verən enurezdən 3 dəfə çox rast gəlinir və bir çox ölkələrdə azyaşlı uşaqların 6-7%-də və böyük yaşlı uşaqların 2-3%-də təsadüf edir. Gecə enurezi oğlanlarda daha çox müşahidə edilir (qızlarla müqayisədə oğlanlarda gecə enurezi 3 dəfə çox rast gəlinir).

Gecə enurezinin baş verməsinə genetik faktorların təsiri tam müəyyən edilməyib, lakin bu təsirin heterogen və mürəkkəb olduğu bildirilir. Belə ki, valideynlərin birində uşaqlıqda enurezin olması, onun uşaqlarında enurezin baş vermə riskini artırmış olur.

Birincili gecə enurezi sidik kisəsinin tutumu (həcmi) ilə gecə ifraz olunan sidiyin həcmi arasında uyğunsuzluq və uşağın sidik kisəsinin dolmasına cavab olaraq yuxudan oyanmaması səbəbindən baş verir. Daha az hallarda enurez müxtəlif tibbi, psixo-sosial və ya davranış pozuntuları ilə bağlı olur. Birincili nokturnal (gecə) enurez əksər hallarda müəyyən müddətdən sonra spontant keçib gedir. Müalicə tədbirləri uşağın yaşından asılı olaraq tətbiq olunur. Bütün hallarda isə farmakoterapiyanın 7 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə edilmir. Əgər enurez uşağa bir o qədər stress yaratmırsa, müalicə adətən nadir hallarda tələb olunur. Lakin, bu hallarda valideynlərin davranışı çox əhəmiyyətlidir. Buna görə valideynlərə enurezlə bağlı ətraflı məlumat verilməli, birincili gecə enurezi olan uşağın fiziki və emosional sağlamlığının normal olduğu vurğulanmalıdır. Bununla yanaşı, enurezə görə uşağı qınağa çəkmək, utandırmaq və ya cəzalandırmaq kimi halların yolverilməzliyi valideynlərə izah edilməlidir.

İkincili enurez isə bir sıra tibbi və psixoloji pozuntularla bağlı olur. Əvvəllər gecə enurezi olmayan, lakin kəskin stress zamanı enurezin baş verdiyi müəyyən edilən uşaqlarda səbəb kimi ilk növbədə pisxoloji pozuntu nəzərdən keçirilməlidir.

Klinik xüsusiyyətlər

Birincili və ikincili gecə enurezi ilə müayinə edilmiş xəstələrin müqayisəsi göstərmişdir ki, sidiyə getmənin tezliyi, sidiyə getməyə çağırışlar, gecə sidiyə getmə, qəbzlik və gündüz sidiyə getmə kimi simptomlar hər iki xəstəlikdə eyni dərəcədə geniş rast gəlinir. Qəbzlik ikincili gecə enurezi olan uşaqların 50%-də, birincili gecə enurezi olan uşaqların isə 75%-də rast gəlinir. Qəbzlik həm də gündüz enurezi olan uşaqlarda da müşahidə edilir.

Birincili gecə enurezi olan uşaqlarda (xüsusilə də, yaşı 10-dan yuxarı olanlarda) davranış pozuntuları çox nadir hallarda müşahidə edilir. Davranış pozuntuları adətən gündüz enurezi olan uşaqlarda qeydə alınır. Həmçinin ikincili enurezi olan uşaqlarda davranış pozuntuları yeddi dəfə daha çox rast gəlinir. Davranış pozğunluqlarından həmin uşaqlarda əsasən depressiya, həyacan, sosial fobiyalar, diqqətin çatmamazlığı/hiperaktivlik pozğunluğu müşahidə edilir. Diqqətin çatmamazlığı/Hiperaktivlik pozğunluğu daha çox böyük yaşlı (9-12 yaşlı) uşaqlarda özünü biruzə verir. Digər uşaqlarla müqayisədə enurezi olan uşaqlarda subklinik psixoloji simptomlar (məs., özünə-inamın azlığı, səbirsizlik, utancaqlıq, qıcıqlanma, təcrid olunma) daha çox müşahidə edilir. Valideynlər arasında da psixoloji stress, o cümlədən, emosional, sosial və maliyyə stressi, səbirsizlik, dözümsüzlük) tez-tez rast gəlinir.

Müayinə

Birincili gecə enurezi olan uşaqların müalicəsindən öncə ilkin müayinəsi enurezlə bağlı anamnezin toplanması, fiziki müayinənin aparılması və sidiyin ümumi analizinin təyin edilməsindən ibarət olmalıdır.

Birincili nokturnal (gecə) enurezin müalicəsi

Qeyd etdiyimiz kimi birincili gecə enurezinin müalicəsi mütləq valideyn və uşağın enurez barəsində maarifləndirilməsindən başlamalıdır. Ailə üzvlərinə məlumat verilməlidir ki, birincili gecə enurezi adətən spontan olaraq aradan qalxır (enurezi olan uşaqların hər il 15%-i bu xəstəlikdən spontan sağalır). Farmakoterapiya əsasən yaşı yeddi (7) və daha çox olan uşaqlarda istifadə edilir və adətən qeyri-farmakoloji tədbirlər effektiv olmadıqda nəzərdən keçirilir.Bir və ya daha çox müdaxiləyə cavabsız qalan uşaqlarda müxtəlif metodların kombinasiyası tətbiq oluna bilər. Yadda saxlanılmalıdır ki, enurezin qeyri-farmakoloji terapiyası adətən bir neçə ay çəkir. Buna görə də, uşağın motivasiyasının yüksək olması və valideynlərin, habelə ailənin digər üzvlərinin dəstəyi böyük əhəmiyyət kəsb edir.

Bundan başqa, enurez siqnalizasiya (zəng) sistemi alt paltar və ya yataq dəstinin yaş olmasına cavab olaraq aktivləşdirilir. Enurez siqnalizasiya sistemi uzun müddətli effektivliyə malikdir. Alt paltar və ya yatağın yaş olması səbəbindən zəngin çalınması (adətən 80 db gücündə auditor siqnal) və ya vibrasiyanın baş verməsi uşaqların ya oyanması, ya da çanaq əzələlərinin yığılması ilə nəticələnir.

Bu metodun istifadəsinə qərar verməzdən öncə uşaqların motivasiyalı olduğuna və valideynlərin dəstək olacağına əmin olmaq gərəkdir.Enurez siqnalizasiya metodunun uşağın sidiyə getməsi üçün yuxudan oyandığına görə mükafatlandırılması metodu ilə kombinasiyada istifadəsi uşaqların 90%-də enurezin sağalması ilə nəticələnir.

İkincili və qeyri-monosimptomatik enurezin müalicəsi

Xoruldama, ağızla nəfəsalma, davranışla bağlı problemlər və gündüz vaxtlarda yuxululuq bir çox uşaqda adenoidlər və ya badamcıqların böyüməsi ilə əlaqəli ola və obstruktiv yuxu apnoyesinin mövcudluğuna dəlalət edə bilər. Tənəffüs yollarının obstruksiyasının cərrahi yolla aradan qaldırılması həmin uşaqlarda həm də gecə enurezi və gündüz enurezinin yaxşılaşması və ya tam müalicəsinə yardım edir.Fərdi psixoterapiya,  uşaqlarda sidiyə getmə rejiminin qurulması və tənzimlənməsi çox yaxşı effekt verir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!