İnfobloq


Keysəriyyə əməliyyatının ziyanları varmı?

Ana və körpə 30.11.15 1307


Ölkədə keysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların sayı günü-gündən artır. Xüsusilə paytaxtda təbii doğuş, get-gedə bir növ dəbdən "düşür", köhnə adətlərdən birinə çevrilir. Son illərdə aparılan müşahidələr təbii doğuşun yerini sürətlə keysəriyyə əməliyyatının tutmasından xəbər verir.

Bu və digər məqamlara akuşer-ginekoloq, Tibb üzrə fəlsəfə doktoru  Nigar Axundova ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

Nigar xanım, cərrahi müdaxilə ilə doğuşların sayının artmasının əsas səbəbi nədir?

Təbii olan hər şey gözəldir. Amma nədənsə, son vaxtlar qadınlar keysəriyyə əməliyyatına daha çox üstünlük verirlər. Çox vaxt qadınlarımız keysəriyyə əməliyyatını ağrısız təbii doğuşdan üstün tuturlar. Bu gün qızlarımız arasında doğuşdankənar yeni nəsil böyüyür. Nədənsə, qarın boşluğunun açılmasına hamı çox asan məsələ kimi baxır. Qadınlarımız bilməlidirlər ki, təbii doğuşla müqayisədə əməliyyat fəsadlaşması 10 dəfə artıqdır (infeksiyalaşma, qanaxma, uşaqlığın itirilməsi və s.) Təbii doğuşda isə bunlar min doğuşdan birində baş verə bilər.

Hansı halda keysəriyyə əməliyyatına göstəriş var?

Hər bir əməliyyatın aparılması üçün ona mütləq göstəriş də ola bilər, nisbi göstəriş də. Hamiləlikdə əməliyyata mütləq göstəriş ananın ağır vəziyyətdə olması, qadında yüksək təzyiq, ürək qüsuru və cift gəlişidir. Əgər cift uşaqlıq boynunun üstünü örtürsə, belə cift gəlişlərində qadın mütləq əməliyyat olunmalıdır. Nisbi göstərişlər isə çanağın darlığı ilə əlaqədardır. Normal uşaq dünyaya gətirmək üçün qadının çanağı normaya uyğun olmalıdır.

Keysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların təbii yolla doğulan uşaqlar arasında sağlamlıq baxımından fərq olurmu?

Belə bir sindrom - keysəriyyə kəsiyi sindromu var. Təbii yolla doğuşda uşaq adaptasiya dövrü keçir. Təbii yolla doğulan uşaqlarda adaptasiya dövrü 15-20 dəqiqə çəkirsə, əməliyyatla doğulan uşaqlarda adaptasiya dövrü 1-2 saat sürür. Ona görə də bəzən keysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlar təbii yolla doğulan uşaqlardan gec özünə gəlir. Bundan başqa, anaya vurulan narkoz dərmanlarının da uşağa təsiri olur. Bəzən deyirlər ki, keysəriyyə kəsiyi ilə doğulan uşaqlar travmasız, əməliyyatla doğulan uşaqlar isə travma alır. Əgər keysəriyyə əməliyyatı təbii doğuş prosesinə adekvat aparılarsa, zədələr heçə, yaxud minimuma endirilə bilər.e

Keysəriyyə əməliyyatı hamiləliyin neçənci həftəsində aparıla bilər?

Keysəriyyə əməliyyatı üçün ən ideal vaxt doğuş fəaliyyəti başlayan vaxtdır. Əgər əməliyyat planlıdırsa, qadın sancı başlayan andan keysəriyyə əməliyyatına götürülür. Amma təəssüf ki, bizdə həkimlərin çoxu əməliyyat üçün gün təyin edirlər. Əgər ananın anamnezində bir keysəriyyə əməliyyatı olubsa, o biri əməliyyata onu iki həftə tez götürmək lazımdır.

Birinci dəfə keysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən ana ikinci dəfə təbii yolla doğuş prosesi keçirə bilərmi?

Sözsüz, bu mümkündür. Amma bəzi hallarda bu risklidir. Ən yaxşıcası budur ki, aradan iki il keçsin. Bu müddət çox olduqda (4-5İİ) fibroz toxuma daha da artır. Bir ildən az müddətdə isə toxumaların cırılma riski çox olur.

Keysəriyyə əməliyyatı olunan qadınlarda gələcəkdə hansısa xəstəliklər yarana bilərmi?

Əlbəttə, son vaxtlar aparılan araşdırmalar göstərir ki, keysəriyyə əməliyyatı olunan hər üçüncü qadında endometriozun yayılması müşahidə olunur. Xəstəliyin özünü aparması şişə bənzər olsa da bədxassəli sayılmır.

Xəstəlik qanaxmaya, sonsuzluğa səbəb ola bilər. Hətta bağırsağa sirayət edərək bağırsaq keçməməzliyi də yarada bilər. Endometrioz zamanı yumurtalıqda kista da yarana bilər.

Əvvəlcədən ananın təbii, yoxsa keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirəcəyini söyləmək olarmı?

Bunu söyləmək 90 faiz mümkündür. Çünki, doğuş vaxtı hər şey birdən-birə dəyişə bilər.

Əziz hamilə qadınlarımız! Hamiləlikdən əvvəl və hamiləlik zamanı vaxtlı-vaxtında mütləq həkim müayinəsindən keçin ki, dünyaya gələcək körpəniz sağlam doğulsun.

Akuşer-ginekoloq, Tibb üzrə fəlsəfə doktoru Nigar Axundova



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!