İnfobloq


Qanqren nədir?

Ümumi kateqoriya 28.08.15 490


Qanqren ağır patoloji proses olub, toxumaların nekrozu ilə nəticələnir. Yaranma səbəbləri müxtəlifdir. Əsasən qan dövranının pozulması, damarlarda qanın hərəkətinin və mikrosirkulyasiyanın zəifləməsi ,eləcə də kimyəvi reaktivlər, elektrik cərəyanı, yüksək temperatur kimi xarici faktorların təsiri nəticəsində meydana çıxır.

Qanqren simptomları

Qanqren bədənin müəyyən nahiyəsi və ya hər hansı bir orqan məruz qala bilər. Qanqrenə uğramış nahiyə rəngini dəyişərək göy, hətta qara rəngə çevrilir. Toxumalarda olan “oksigen aclığı” da qanqrenə gətirib çıxara bilər. Qanqren ürəkdən uzaqda yerləşən toxumalarda daha tez inkişaf edir.

Səbəbləri

Qanqrenin səbəbi daxili və xarici amillər ola bilər. Yüksək və aşağı temperatur, uzunmüddətli radiasiya şüaları, sinir uclarının zədələnməsi-xarici faktorlara aiddir.

Miokard infarktına səbəb olan ateroskleroz, qan dövranının pozulması ilə nəticələnən trombların əmələ gəlməsi isə daxili faktorlara aiddir.

Əgər proses bakteriyaların iştiraki ilə yaranırsa bu septik  qanqrendir. Bakteriya olmazsa, aseptik qanqrendır.

Quru qanqren nədir?

Bu qanqren əsasən bədənin müəyyən bir nahiyəsində yerli olaraq məhdudlaşır. Erkən mərhələlərdə xəstə nekroza uğramış damarın olduğu nahiyədə kəskin ağrı hiss edir. Getdikcə ətraf nəzərə çarpan dərəcədə soyuyur, dəri məxmər kimi olur, tamamilə həssaslığını itirir, həmin yerdə pulsasiya hiss edilmir. Quru qanqren zamanı qan dövranı pozulur, ətraflar susuzlaşır, mumifikasiyaya məruz qalır və rəngini dəyişir.

Yaş qanqren

İnkişaf səbəbləri quru qanqren kimidir. Lakin bu daha sürətli prosesdir. Bu zaman toxumalar susuzlaşmağa az məruz qalır. Toxumanın nekrozlaşması səbəbindən zərərli məhsulların orqanizmə yayılması nəticəsində intoksikasiya baş verir. Zədələnmiş toxumalara asanlıqla bakteriyalar toplanır və bu da patoloji prosesin intensivləşməsinə gətirib çıxarır.

Yaş qanqren öd kisəsi, ağciyər, bağırsaq kimi daxili orqanların xəstəliklərində, eləcə də iri venaların trombla tutulması zamanı baş verə bilər.

Qazlı qanqren

Qazlı qanqren bədənin bütün nahiyələrində müşahidə oluna bilər, lakin əsasən ətraflar bu prosesə məruz qalır. Qazlı qanqren yaraya spesifik mikrobların düşməsi zamanı yaranır. Ən çox “Clostridium perfiringens”, ”Clostridium septicum”, az hallarda “Proteus”, “Pseudomona”s kimi bakteriyalar törədir.

Qazlı qanqren zamanı  əzələ toxuması məhv olur. Toxumaya düşmüş bakteriyaların təsiri nəticəsində toksik maddələr ayrılır və toxuma hüceyrələrini məhv edir. Bakteriyalar zülalları parçalayır və bu zaman xüsusi qaz əmələ gəlir.

Qazlı qanqren tədricən inkişaf edir. İlkin əlamətlər ağrı və mikroblar toplanan nahiyədə şişkinlikdir. Getdikcə yarada pis qoxulu maye müşahidə olunur. Yara ətrafında dəri qaralmağa başlayır. Dəriyə yüngül toxunuş zamanı krepitasiya hiss olunur.

Hazırlayan: Dr. Könül Əliyeva (Ümumi Cərrah)



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!