İnfobloq


Diqqət əksikliyi olan uşaqlar və biz

Ailə psixoloqu 09.12.14 1056


Psixo-pedaqoq Gülnarə Məmmədova diqqət əskikliyi olan uşaqlar haqqında.

Diqqət əskikliyi olan uşaqlar cəmiyyətdə olduğu kimi, məktəbdə də bir çox çətinliklərlə üzləşirlər. Belə uşaqlar sinif yoldaşları və müəllimləri ilə tez-tez problem yaşayırlar. Bəs nə edək!? Bu situasiyadan çıxış yolları hansılardır?

İlk öncə, biz bu uşaqlara xüsusi diqqət ayırmağın vacib olduğunu dərk etməliyik. Biz valideyn və müəllimlər(pedaqoq) olaraq vəziyyətə uyğun davranmalıyıq. Diqqəti əksik, dağınıq olan uşaqların təlim-tərbiyəsində tək tərəfli deyil əl-ələ işləməliyik.

Biz uşağın probleminin həqiqətində diqqət əskikliyi olduğunda əmin olmalıyıq. Təbii ki, diaqnozu təyin etmək bizim işimiz deyil, ancaq şübhələrimiz varsa valideynləri xəbərdar etməli, məlumatlandırmalıyıq. Əgər sinfimizdə birdən çox diqqəti əksik uşaq varsa biz pedaqoqlar üçün bir az çətin ola bilər. Onun üçündə biz hər hansı bir problem yarananda məsləhət ala biləcəyimiz mütəxəssislərə psixiatr, psixoloq, pediatrlarla bərabər işləməliyik. Bu sahədə bizə kömək edəcək insanın vəzifəsi yox bu mövzuda nə qədər məlumatı olduğu, bizə necə kömək olacağı önəmlidir. Valideynlərlə də daim əlaqə saxlayıb onların da vəziyyəti nəzarətdə saxlamalıyıq.

Bir pedaqoq olaraq bu yükü tək üzərimizə götürməməliyik, kömək istəməkdən çəkinməməliyik. Uşağın özündən ona necə kömək edəcəyimizi soruşsaq yaxşı olar. Uşaqla üz-üzə oturun və necə daha yaxşı öyrənə bilər bu haqda onun fikrini öyrənmək lazımdır.

Biz pedaqoqlar uşağı daim nəzarət altında tutmalıyıq. Bu uşaqlar sinifdə dərs prosesinin əyləncəli olmasını çox istəyirlər. Onlar həmişə  təqdir olunmaq, mükafatlandırılmaq  istəyirlər. Diqqət əskikliyi olan uşaqlar başqaları tərəfindən həyatlarının nizama salınmasını sevərlər, çünki özləri bunu edə bilmirlər. Onlar üçün siyahı tutun. Bu çox faydalı olacaq. Nə edəcəklərini unudan və ümumiyyətlə necə davranacaqlarını bilməyən uşaqlar üçün bu siyahılar çox yararlı olacaqdır. Onların xatırlamağa ,məşq etməyə, mükafatlandırılmağa, yönləndirilməyə, qadağalar qoyulmasına, nizama ehtiyacları var. Bu qaydaları yazıb hər dəqiqə göz önündə olan bir yerə asmaq lazımdır.

Diqqət əskikliyi  olan uşaqlara sözləri təkrar-təkrar söyləmək lazımdır. Diqqət dağınıqlığı olan  uşaqlarla göz təması quraraq ünsiyyətə girmək vacibdir. Özümüzə ən yaxın yerdə oturtmaq lazımdır. Beləliklə dalıb gedən uşağın diqqətini hər an üzərimizdə tuta bilərik. Qadağalar qoymaqdan çəkinməyin. Qadağalar uşaqlara  cəza vermək üçün deyil onları rahatlamaq və əhatələrində olan insana güvənməkləri üçündür.

Diqqət əskikliyi olan uşaqları çox həyacanlandırmaq olmaz, onlar daşmaqda olan süd qazanına bənzəyirlər, qaşla göz arasında daşa bilərlər. Alovu tez qismaq üçün süddən gözümüzü ayırmadığımız kimi uşaqlarda da daima diqqətdə saxlamalıyıq. Əgər diqqəti əksik olan uşaq, vücud dilimizdən, səs tonumuzdan və s. sosial işarələri başa düşmürsə  ona səbirlə bunları öyrətməliyik. Bu bacarıqlar uşaqlarda anadan gəlmə olmur sonradan öyrədilir. Işarələri oyun şəklində öyrətsək daha effektiv olar.

Ümumiyyətlə biz pedaqoqlar diqqəti əksik olan uşaqlarla daha ciddi və səbirli məşğul olmalıyıq. Sinifdə yoldaşlarına uşağın vəziyyətini izah etməliyik. Valideynlərlə sıx-sıx görüşməliyik. Bir problem olanda yox hər zaman ünsiyyətdə olmalıyıq.

Sonda bunu da qeyd edək ki diqqət əskikliyi olan uşaqların müalicəsində ən vacib qaydalardan biridə idmandır. İdman enerjinin çoxunun bir nöqtəyə yönəlməsini beyin hüceyrələrinin aktivləşməsinə kömək edir.

Biz bilməliyik ki diqqət əskikliyi olan uşaqlar çox bacarıqlı uşaqlardır fantaziyaları güclüdür, zarafatcıl, şəndirlər, qavramaları çox yaxşıdır. Ürəyi yumşaq və mərhəmətidirlər.

Diqqət əskikliyi olan uşaqların valideynlərinə səslənirəm. Əziz valideynlər biz bu uşaqları başa düşməliyik, və daim diqqətimiz onların üzərində olmalıdır. Gələcəkdə sizin övladlarıniz hər hansı bir sahədə uğur qazana bilər. Təbi ki sizinlə bərabər bizlərdə bu amal uğrunda çalışmalıyıq və çalışacağıq.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!