İnfobloq


Analar bunu mütləq bilməlidirlər!

Ana və körpə 24.09.14 389


Saytımıza ən çox ünvanlanan suallardan biri ilə bağlı təcrübəli pediatr İradə Məmmədova ilə əlaqə saxladıq. İradə xanım iş rejiminin gərgin olmasına rəğmən bizə vaxt ayırdı və suallarımızı cavablandırdı.

İradə xanım yenidoğulmuşlara əmzik vacibdirmi?

Əgər körpə ana südü ilə qidalanırsa ilk ayda əmzikdən istifadə olunmamalıdır. Ana döşünə öyrəşilməli və normal laktasiya təmin olunmalıdır. Əgər körpə qatqılar vasitəsi ilə qidalanırsa əmzik istifadəsi mümkündür. Əgər bu vasitə olmadan rahatlıqla yata bilirlərsə. Az istifadə daha labüddür.

Əmzik nəyə kömək edir yəni funksional özəlliyi nədir?

Əmziyin sorulması nəticəsində ağızda həssas sinir sonluqları qıcıqlanır. Bu çox vacibdir. Ana döşünü əmmə nəticəsində də oxşar proses gedir. Nəticədə mədə-bağırsaq traktında hormonların səviyyəsi yüksəlir. Bu hormonlar həzm üçün önəmli olan mədə şirəsi ifrazına səbəb olur. Həmçinin əsəb sistemində tormozlaşma gedir və uşaq yatmaq istəyir. Bir məqama da diqqət yetirmək gərəkdir ki, əmziklərin düzgün seçilməməsi həzm və yuxu sisteminə ziyan vura bilər. Valideynləri ciddi xəbərdar edirəm.

Bəs əmzik seçərkən nəyə diqqət etmək vacibdir?

Satışda müxtəlif formada, rəngdə, tərkibə malik əmziklər var. Qadın döşünün giləsinə uyğunlaşdırılmış, ortodontik formaya malik əmziklərə üstünlük verilməlidir. Əsas diqqət yetiriləsi məqamlardan biri hazırlandığı materiala görə seçim etməkdir. Əmziklər əsasən lateks (təbii kauçuk) və silikondan hazırlanır. Lateks zərif olduğundan daha tez sıradan çıxır, əvəzlənməli olur. Silikon isə bərk və davamlıdır. Amma bir məqam var silikonun möhkəmliyi yeni formalaşan dişlərdə deformasiyaya səbəb ola bilər. Əmziyin arxa tutacaq hissəsi çox böyük olmamalıdır ki, körpə rahat nəfəs ala bilsin. Eyni zamanda iti bucaqların olmaması(məsəl üçün üçbucaq formasında) vacibdir. Bir də tutacaq ətrafında xırda nəfəslik üçün dəliklər olsa lap əla olar. Yuxuda olan zaman uzun müddət dodaqətrafı nahiyə nəfəssiz qalmasın deyə.

Neçə ayından əmziyi tərgitməyi məsləhət bilirsiniz? 

Nə qədər tez imkan yaranarsa. Altı ayından sonra lap əla olar. Bir də valideyinlərin diqqətinə çatdırım ki, əmziyi alanda təxminən 3 dəqiqə isti suda saxlamaq lazımdır. Günəş altında uzun müddət qalması məsləhət deyil. Əgər hər hansı, hətta ən kiçik belə dəlik açılıbsa mütləq dəyişdirilməlidir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!