İnfobloq


Çəpgözlüyün müalicəsi haqqında

Xəstəlik və müalicə 29.09.14 1058


Uşağında çəpgözlük olan bəzi valideynlər əsasən iki böyük səhvə yol verirlər. Birinci bu qüsurdan utanır, ətrafındakılardan gizlətməyə çalışır və bir müddətdən sonra öz-özünə  keçib gedəcəyinə inanırlar. İkincisi sadalanan səbəblərə görə uşağı mütəxəssisə göstərməyə gecikirlər. Bəs çəpgözlüyün səbəbləri nədir və onun tam müalicəsi mümkündürmü? Bu sualları  ölkəmizdə  bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış mütəxəssis Prof. Dr. Rasim Hacıyevə yönləndirdik.

Doktor çəpgözlüyün səbəbləri nədir?

Müxtəlif mənbələrdə, kitablarda  müxtəlif cür izahlar verilir. Bəziləri deyir ki, bu əzələlərin zəifləməsidir, sinir sisteminin düzgün işləməməsidir  və  s. Mən bunu tamamilə  başqa cür izah edərdim. Qərbdə son zamanlar geniş yayılmış bir nəzəriyyə var. Xaos nəzəriyyəsi. Xaos qarma-qarışıqlıqdır. Fikir verin dünyada  həm qarışıqlar, həm də nizam var. Orqanizmimizdə də eyni prinsip işləyir. Bir xəstəlik yoxdursa onun əksi var. Misal üçün biz ac olanda başımız ağrıyır. Başımız ağrıyır, amma fikir verin problem mədədədir. Orqanizm nizam yaratmaq, qidalanmağa olan tələbatı yerinə yetirmək üçün baş ağrısı, siqnal, xəstəlik vasitəsilə xaos yaradır. Görmədə də eyni prinsip işləyir. Uşaq  anadan gələndə görmür. Bu qabiliyyət tədricən yaranır və başlayır inkişaf eləməyə. İnkişaf gedəndə sağ və sol gözlər aralarında mübarizə aparırlar.

Beyində, sinir sistemində xüsusi nahiyə var. Bu nahiyə balanslaşmış şəkildə görməni nizamlamalıdır. Əgər gözlərdən biri digərindən bir balaca zəif görürsə. Nisbətən güclü göz daha çox inkişaf üçün daha çox hüceyrələri öz tərəfinə çəkir. Bu disbalans və “mübarizə” nəticəsində çəplik meydana gəlir. Fikir verin sovet mənbələrindəki izahların heç  birində  prosesə  əsas olan səbəb göstərilmir. Orda əslində nəticə  səbəb kimi qələmə verilir. Yaxşı nəyə görə gözlərdən biri zəif, digəri güclü olur? Səbəb göz almasının formasıdır. Təsəvvür edin göz almasının forması hamıda fərqlidir. Və elə formalar var ki, asimmetriya pozulur.  

Bu problemi yəqin ki, tam aradan qaldıra bilirsiniz. Elə deyilmi?

Əgər valideynlər həkimlərə tez müraciət eləsələr, həkim zəifliyi düzgün təyin eləsə, düzgün eynək yazsa  inandırıram sizi çəpgözlüyün heç izi də qalmayacaq. Biz istəyirik  ki, Azərbaycanda çəpgözlük problemi olmasın. İnanın bunu eləmək mümkündür.

Çəpgözlüyün yaranmasında irsiyyət faktoru var?

İrsiyyət faktoru var. Genetik faktorlardan qaynaqlanaraq  göz düz inkişaf etmirsə pralitik çəpgözlük olur. Amma bu nadir hallarda rast gəlir. Təxminən 0.5%. Torlu qişanın anadangəlmə piqment distrofiyası da ola bilər. Bu daha çox qohumlar arasında nikahlardan doğulan uşaqlarda təsadüf olunur.

Çəpgözlüyün tam müalicəsi mümkündür?

Burada valideynlərin üzərinə ciddi məsuliyyət düşür. Əgər uşaqlarını vaxtında müalicəyə gətirsələr problemi tez aradan qaldırmaq olar. Əgər lap çox gecikdirilərsə əməliyyat elətdirməli olacaqlar. Əməliyyatdan sonra kənar adam heç hiss eləyə bilməyəcək ki, uşaqda çəpgözlük var. Onlarda daxilən çəpgözlük qalır. Binokulyar görmə qabiliyyəti olmayacaq. Binokulyar görmə nəticəsində iki gözlə alınan şəkil, görüntü beyində birləşdirilir. Bu bizə stereoskopik gözlə dünyaya baxmağa imkan verir. Yəni tam genişhəcmli görmək imkanı yaranır. Məsəl üçün biz 3D formatında filmlərə rahatlıqla baxırıq. Əməliyyat olunan  insanlarda isə bu mümkünsüzdür. Bu göstərir ki, vizual, xarici görünüş olaraq çəpgözlük aradan qaldırılsa da daxilən qalır. Ona görə tez bir zamanda müalicə vacibdir.

Bəs yaşlılarda çəpgözlüyün əməliyyat vasitəsi ilə aradan götürülməsi mümkündürmü?

Bəli. Əksər hallarda mümkündür.

Bəs cərrahi əməliyyata nə zaman ehtiyac duyulur?

Əgər bu eynək və xüsusi aparatlar vasitəsi ilə aparılan müalicə  pleoptika, artoptika  effekt vermirsə. Beş-altı aya istənilən nəticə olmasa əməliyyat elətdirmək məsləhətdir. Bir daha üzümü valideyinlərə tutub demək istəyirəm uşağınızda çəpgözlük varsa bacardıqca tez mütəxəssisə müraciət edin. Çox gecikmə olduqda əyilmə bucağı yüksək olarsa mütəxəssis bir başa uşağınızı əməliyyat masasına göndərməyə məcbur olacaq. Amma tez gətirilərsə  bir neçə ay ərzində  problem tam aradan qalxacaq.

Hazırlayan: Prof. Dr. Rasim Hacıyev



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!