İnfobloq


Körpənin qidalanmasının qızıl qaydaları

Ana və körpə 12.09.14 1650


Uşağın düzgün qidalanması onun orqanizminin formalaşmasına, hərtərəfli inkişafına səbəb olan amillərdəndir. Yanlış qidalandırma isə ciddi fəsadlara, xəstəlik və öz növbəsində problemlərə gətirir. Şübhəsiz ki, cavabdeh valideyn, xüsusən də anadır. Bir yaşından sürətlə böyüyən körpənin çəkisi 4 ayında 2 dəfə, 1 yaşında isə 3 dəfə artır. Bu dövrdə körpələrin qidaya tələbatı böyük olsa da,  həzm etmək imkanları çox məhduddur. Buna görə də uşaq üçün ən yaxşı qida ana südüdür.

Ana südü yaxşı həzm olunmaqla yanaşı, onun tərkibində uşağın orqanizminə lazım olan və körpəni bir yaşınadək yoluxucu xəstəliklərdən qoruya bilən bütün komponentlər var. Ana südünün nə təbii, nə də süni analoqu yoxdur. Anaya spirtli içkilər içmək, siqaret çəkmək qəti qadağandır və südə  özünəməxsus iy, yaxud dad verən qidalar (soğan, sarımsaq, istiot və s.) yemək olmaz. Süd verən ananın yeməyi üçün heç bir xüsusi pəhriz yoxdur. Ananın yeməyinin tərkibində kifayət qədər zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr olmalıdır. Ana gün ərzində 2 litrədək maye içməlidir. Körpənin yemək rejiminə cid­di fikir vermək, həmişə eyni vaxtlarda yedirtmək lazımdır. Əks halda bu uşağın həzm etməsinə və yuxusuna pis təsir göstərər.

Bəzi valideynləri narahat edən  körpələrinin uzun müddət 2-3 yaşınadək ana südü tələb etməsidir.

Pediatrların fikrincə ana südü nə qədər çox verilsə, uşaq üçün o qədər xeyirlidir. İki yaşa qədər ana südü qəbul etmələri daha məsləhətlidir. Səhhətləri ilə bağlı problem yaranarsa südverməni dayandıra bilərlər. Ancaq istənilən halda ən azı bir yaşa qədər ana südü verilməsi vacibdir”.

Yeni doğulmuş uşağı üç ayınadək gündə 7 dəfə, hər 3 saat-dan bir (saat 6°°, 9°°, 12°°, 15°°, 18°°, 21°° , 24°°) əmizdirmək la­zımdır. 3 ayından 5 ayadək gündə 6 dəfə, hər 3,5 saatdan bir (6°°, 930, 13°°, 1630, 20°°, 2330), 5 ayından 1 yaşınadək isə gündə 5 dəfə, hər 4 saatdan bir ( 6°° , 10°° , 14°° , 18°° , 22°° ) yedirdilir.

Normal qidalanan sağlam uşaq yemək vaxtı və yeməkdən son­ra sakit və gümrah olur, tez-tez altını isladır (gündə 15-16 dəfə) və gün ərzində 2-3 dəfə qarnı işləyir.

1-1,5 aylıq uşağın əlavə vitaminlərə və mineral duzlara ehtiyacı olur. Buna görə də ona 3-5 damcıdan başlayıb tədricən 2 xörək qaşığınadək artırmaqla meyvə və tərəvəz şirələri vermək lazımdır. Limon şirəsini (2 damcıdan 1 çay qaşığınadək çoxaltmaq) şəkər şirəsi ilə qarışdırıb vermək olar. 1,5 aylıqdan kök şirəsi vermək (3-4 damcıdan 2 xörək qaşığınadək) məsləhət görülür.

Portağal, çiyələk, ananas, pomidor şirələrini ehtiyatla vermək lazımdır ki, uşaqda diatez (dəridə səpgilər) yaranma­sın. 5 aylıq uşaq gündə 40-50qr şirə içir. İki ayından başlayaraq uşağa sürtgəcdən keçirilmiş alma vermək olar (0,5 çay qasığından 2 xörək qaşığına qədər artırmaqla). 6 aylıq uşağa gündə iki dəfə, yaxşı olar ki, yeməkdən sonra, hər dəfə 30 qr sürtgəcdən keçirilmiş müxtəlif meyvə püreləri vermək olar. Uşaq xəstələndikdə və ya qusduqda şirələrin verilməsini məhdudlaşdırmaq və ya kəsmək lazımdır.

3,5-4 aylıq uşağa soyutma yumurtanın 1/4-ni, 6 aylığa isə yarısını vermək olar. Yumurta sarısında fosfor, kalsium, dəmir, A, D, B1, PP vitaminləri, həmçinin zülal və yağlar vardır.

Uşağın 4 ayı tamam olduqdan sonra, onun inkişafda olan orqanizminin tələbatı artmağa başlayır və ana südündə olan mineral maddələr onun ehtiyacını ödəmir. Ona görə də sağlam uşaqlara 4 ayından başlayaraq əlavə yeməklər vermək lazım­dır. Əlavə yeməyi uşağa verməzdən əvvəl uşağı yedirdir və 2 çay qaşığından başlayıb bir dəfəlik yemək həcminə çatdıranadək hər gün artırırlar. Əlavə yeməyi tərəvəz püreləri ilə başlayırlar. 4 ayından sonra uşağa 5 dəfə ana südü, 1 dəfə isə tərəvəz püresi yedirdilir. Bundan əlavə ona yumurta sarısı, kisel və şirələr verilir. Yeməkdə zülalın miqdarını artırmaq üçün 4 aylıq uşağa 10 qr təzə hazırlanmış kəsmik də vermək olar. Kəsmiyi (tvoroq) süd və ya qatığa qarışdırırlar. 6 aylıq uşaq üçün kəsmiyin miqdarını 50qr-a, 1 yaşınadək isə 100qr-a qədər artırırlar. Yumurta sarısını (3-4 aylıqda 1/4-ni, 6 aylıqda hər gün yarısı­nı) sıyıq və ya tərəvəz (kartof, gül kələm, kök və s.) püresinə qatırlar. 5 aylıq uşağa 5%-li manna sıyığı) (100qr mayeyə 1 çay qaşığı manna yarması), 6 aylıq uşağa isə 10%-li manna sıyığı vermək olar. Bütün yeni başladığımız yeməklər kimi sıyı­ğı da 2-3 çay qaşığından başlayıb 150-200qr-a qədər çatdırmaq lazımdır.

7 aylıq uşağa yağsız ət bulyonu (2 xörək qaşığından 50ml-ə qədər) və bişmiş əti iki dəfə maşından keçirib vermək (1 çay qaşığından bir xörək qaşığınadək) olar. 8   aylıq uşağa gündə 3 dəfə ana südü, o biri yeməklərində  isə manna (və ya başqa yarmalar) sıyığı, tərəvəz püresi (150qr), tərəvəz və ya ət bulyonu (70 qr) ilə ağ çörək, kəsmik və ya maşından keçirilmiş soyutma ət (25-30qr) vermək lazımdır.9   aylıq uşağa gündə 2 dəfə süd verilir. Uşaq 10 aylıq olanda ona əti və ya balığı püre, yaxud xırda küftələr şəklində  hazırlamaq olar. 11-12 aylıq uşağa gündə bir dəfə ana südü, yuxarıda göstərilənlərdən əlavə olaraq 1 dəfə də ət kotleti və bulyonda hazırlanmış  şorba verilir.

1 yaşına çatanda uşaq artıq müxtəlif dadlı və qidalı yeməklər yeyir və onu döşdən ayırmaq həm ana, həm də uşaq üçün asan olur. Sağlam, normal inkişaf edən uşağı 11-12 aylıqda döşdən ayırırlar. Uşağı xəstə vaxtı, isti havalarda və peyvəndlər vurularkən süddən ayırmaq olmaz. Süddə ayırmaq üçün ən ideal dövr payız-qış aylarıdır.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!