Tibbi Ensiklopediya


Perikardit

1490

Perikard iki təbəqədən ibarətdir: içəridən visseral və xaricdən parietal. Perikard ürəyi ətraf toxumalardan qoruyur və onu anatomik stabil şəkildə saxlanmasını təmin edir. Normal perikard kisəsində 15-50 ml maye olur. Perikardit hər iki təbəqənin fibrinoz, seroz və irinli hemorragik iltihablanması ilə yaranır. Klinikasına görə kəskin (6 həftədən az) və yarım kəskin (6 həftədən 6 aya qədər), xroniki (6 aydan çox) dövrə bölünür. Perikarditlər quru (fibrinoz), eksudativ və konstruktiv olur.

Xəstəliyin yaranma səbəbi:

  • İdiopatiya
  • İnfeksion və infeksion allergik mənşəli (revmatik, bakterial, virus, vərəm, nadir halda sifilitik, aktinomikoslar)
  • Aseptik perikarditlər – miokard infaktı zamanı yaranan perikarditlər, işemiyalar, avitaminozlar və həmçinin miksedema və podaqra zamanı nadir halda rast gələn perikarditlər.
  • Sistem və eyni zamanda autoimmun xəstəliyi – qırmızı qurdeşənəyi, revmatoid artritlər
  • Travmalar
  • Radiasiyalarda

Patogenezi – etiologiyası ilə sıx bağlıdır. Belə ki, infeksion perikardit – mikroorqanizmlərin ürək kisəsinə keçməsinə bağlı olub infeksion agentə qarşı yaranan infeksion allergik reaksiyadır. Miokard infarktında əmələ gələn perikardit miokardın xaricinə qədər yayılan nekrotik toxumaya qarşı ürək kisəsində reaktiv iltihabın yaranması ilə meydana çıxır. İşemiyalarda ifraz olmayan azot şlaklarının perikard təbəqələrini qıcıqlandırması nəticəsində əmələ gəlir. Sistem xəstəlikləri, infarktdan sonra yaranan perikarditlərin əsasında autoimmun reaksiya durur. Perikarditlərin patogenezində mexanizmlərin birləşmiş şəkildə təsiri də mümkündür.potoloji anatomiyası. Burada iltihabi proses visseral təbəqədən başlayır. Damarlar genişlənir və keçiriciliyi artmış olur. Qanın maye hissəsi eksudat olaraq perikard boşluğuna keçir. Ancaq perikardın çox hissəsi fizioloji funksiyasını saxladığına görə bu eksudat sorulur, perikard boşluğunda toplanması baş vermir. Perikard təbəqələrində ancaq fibroz toplanır və fibroz perikardit adlanır. Parlaq və hamar seroz qişa bulanıq rəng alır, quru və kələkötür şəkil alır. Ürək daim yığıldığına görə seroz taylarda fibrinin büküş şəklində toplanması baş verir. Ürəyin səthi nahamar görünür, fibrin tellərinin qopması “tüklü ürək” forması vermiş olur. Bu etapda xəstəliyin geriyə inkişafı da mümkündür. Perikard boşluğa çox miqdarda eksudatın toplanması ürəyin işini pozur, nəticədə ürəyin tamponadasına gətirib çıxarır. Eksudat bir tərəfdən sorulur, quruyur və eksudativ perikardit quru fibrinoz perikardit şəklinə dönür.

İltihabın sorulması ilə yerində qranulyasiya toxuması əmələ gəlir, o da şərti lif və yaxud çapıq toxuma şəklinə keçir. Bununla yanaşı birləşdirici toxuma əmələ gəlir ki, bu da visseral və parietal təbəqələri bir-birinə yapışdırmış olur. Nəticədə perikard itmiş olur. Buna konkresiya deyilir. Əgər birləşmələr perikardla divar aralığı üzvləri arasında olarsa, buna perikardın akressiyası deyilir. Maye tam sorulduqdan sonra perikardın qalınlaşmış çapıqla kobudlaşmış adheziyalı qişalarına əhəng çökür və ürək zirehli ürək şəklini alır, sanki sərt bir qəfəs içərisinə qoyulmuş olur. Bu da onun sərbəst hərəkətinə imkan vermir. Perikardın bu hala düşməsi konstruktiv (sıxan) perikardit adlanır. Konstruktiv perikardit ürəyin diastolik doluşunu pozduğu üçün sonradan xroniki ürək tamponadasına səbəb olur.

Quru perikarditlər

Klinikası – xarakterik əlamətləri bunlardır: döş qəfəsində ağrı, perikardın sürtünmə küyü və EKQ-nin dəyişikliyidir. Ağrı müxtəlif olur, miokard inafrktı ağrılarına bənzəyir. Lakin fərqi odur ki, ağrı tədricən başlayır. Ağrı dərin tənəffüs zamanı, udğunduqda, öskürdükdə güclənir və hər iki çiyinə, boyuna, epiqastral nahiyəyə, trapesvari əzələ bölgəsinə yayılır. Diafraqma sinirinin qıcıqlanmasına bağlı olaraq hıçqırma, qusma və həmçinin təngnəfəslik ola bilər.

Ağrı arxası üstə uzanmış vəziyyətdə artır, oturmuş vəziyyətdə önə əyildikdə, qarnı üstə uzandıqda azalır. Eksudat toplandıqda ağrı kəsilir. Eksudativ perikarditdə təngnəfəslik ön plana çıxır. Ən çox qızdırma və tərləmə olur. Nəbz adətən dəyişmir, ancaq sürətlənmiş olur. Arterial təzyiq azalmağa meyilli olur, kəskin ağrı olduqda xəstənin kollapsa düşməsi halı da mümkündür. Quru perikarditdə ən əsas simptom perikardın sürtünmə küyüdür. Klassik küy kobud, sərt, yüksək tezlikli, iki komponentli küylərdir. Küyün ən yaxşı eşidildiyi yer sol parasternal, ürəyin mütləq kütlüyü olan bölgədir. Küy stetoskopla döş qəfəsinə təzyiq etdikdə güclənir, nəfəsi saxladıqda da eşidilir.

Kəskin perikarditdə miokardın subepikardial qatı da ikincili olaraq iltihabi prosesə cəlb olunur. Quru perikarditdə etiologiyasından asılı olaraq bir halda sürətli müsbət dinamika izlənir, perikarditin sürtünmə küyü ancaq bir neçə saat davam etmiş olur, digər halda quru perikardit uzun müddət davam edir və yaxud residiv verir, üçüncü halda eksudativ perikarditə keçir.

Ekssudativ perikardit: Perikard kisəsinə mayenin toplanması və quru plevrik stadiyasından sonra meydana çıxır, ya da bu stadiyanı aşaraq sürətlə başlayan total (allergik) və ilkin-xroniki, “soyuq” (vərəm, şiş mənşəli) perikarditlərin nəticəsində yarana bilir. Mayenin tədricən toplanması perikard ciblərini doldurur, xarici təbəqə dartılır, maye çox toplanmışsa, perikard ağciyərlərin həcmini azaldaraq onları sıxışdırır, ürəyin duruş vəziyyəti dəyişir.

Klinikası: Yığılan mayenin miqdarı artdıqca ürəyin fəaliyyəti çətinləşir, diastola pozulmuş olur. Xəstə çox zaman xarakterik məcburi vəziyyət alır: xəstə yatağında oturaraq önə əyilmiş (Blexman simptomu) olur. Bəzən xəstə oturmuş vəziyyətdə dizlərini qucaqlayaraq yatır (Xirts simptomu). Perikard mayesinin traxeyaya təzyiqi nəticəsində güclü quru öskürək əmələ gəlir. Yemək borusu sıxıldıqda disfagiya meydana çıxır, udma çətinləşir. Diafraqma sıxıldıqda diafraqmal sinir qıcıqlanır və hıçqırıq yaranır. Əgər mayenin toplanması çox sürətli və ya miqdarı çox olarsa, o zaman mədəciklərin diastolik doluşu pozulur və bu da ürəyin dəqiqəlik həcminin azalmasına, venoz sistemdə durğunluq yaranmasına gətirib çıxarır ki, nəticədə ürək tamponadası yaranmış olur. Travmalar zamanı 200-300 mq qan toplanması ürək kölgəsində genişlənmə vermədən ürək tamponadası verə bilir.

Hemodinamik olaraq ilk əlamət boyun venalarının şişməsi, ürək tonlarının karlaşmasıdır. Sistolik AT-nin nəfəsalma zamanı 12-15 mm.c.st-na qədər enməsi hemodinamikanın ciddi pozulduğunu göstərir və təcili tədbirlərin görülməsini tələb edir.

Xəstənin ürək nahiyəsinə baxdıqda döş qəfəsinin bu bölgəsində qabarıqlıq (Uerta simptomu) görmək olar, qabırğa araları hamarlanmış olur. Zirvə vurğusu çox zaman itir. Ürəyin perkutor kütlük zonası hər tərəfə, həmçinin də yuxarı böyümüş olur (Banti simptomu). Xəstənin duruş vəziyyəti dəyişdiyində ürəyin mütləq kütlüyünün sərhədləri də dəyişir (Xolms simptomu). Normada sivri olan ürək-qaraciyər bucağı kütləşir. Auskultasiyada ürək tonları zəif eşidilir. Bəzən də əksinə tonlar aydın eşidilir. Perikardın sürtünmə küyü perikard boşluğuna mayenin toplanması ilə itir, lakin xəstə başını arxaya atdıqda (Qerk simptomu) və həmçinin nəfəs verdiyində (Poten simptomu) eşidilə bilir. Nəbz sıxlaşır, kiçik olur, nəfəsalma da çətinliklə müəyyən edilir, hətta itir, arterial qan təzyiqi bir qədər enir. Eksudativ perikarditin diaqnostikasında ən etibarlı metod EXOKQ-dir. Bunun vasitəsilə perikard təbəqələrindəki qalınlaşmalar və perikard içərisindəki mayenin miqdarı müəyyənləşdirilir.

Müalicəsi: perikardit şübhəsi yaradan xəstələrin dərhal kardioloji şöbəyə yatırılması lazımdır. Kəskin miokard infarktı, irinli perikardit, ürək tamponadası differensiasiya olunmalıdır. Etiologiyası müəyyənləşdirilib ona uyğun müalicə aparılmalıdır.

Qeyri-spesifik müalicə: yataq istirahəti ağrı kəsilincəyə və temperatur düşüncəyə qədər davam etdirilməlidir. Ağrı azaltmaq üçün aspirin, indometosin verilir. Əzələ və ya vena daxilinə morfin yeridilir. Ağrı çox güclü olarsa kortikosteroidlərdən təyin olunur. Eksudativ perikarditin müalicəsi onu törədən səbəb və hemodinamikanın nə dərəcədə dəyişilməsinə bağlıdır. Mayenin miqdarı çoxdursa, tamponada təhlükəsi mövcuddursa perikardeosentez olunmalıdır. Perikard mayesi drenaj olunmalı və alınan maye analiz olunmalıdır.

 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!