Tibbi Ensiklopediya


Bexterev xəstəliyi

3664

Daha çox Bexterev xəstəliyi adı ilə tanınan bu xəstəlik əslində ankilozlaşdırıcı spondilit adlanır. Ankilozlaşdırıcı spondilit - ağrılı, kəskinləşən, fəqərə qırılmasına və osteoparoza səbəb olan, revmatizmə bənzər bir xəstəlikdir. Əsasən onurğanı tutmaqla  bərabər, oynaq və bağlara da təsir göstərir.

Bəzən göz, ağciyər, bağırsaq və ürəyə də təsir göstərə bilir. Oma və çanaq sümükləri arasında olan oma-qalça oynağıdır ki, bu da ankilozlaşdırıcı spondilitin ilk başladığı yerdir.

 

Əlamətləri: Həftələr və ya aylar boyu yavaş-yavaş artan bel ağrısı və sərtlik.Gün ərzində hərəkət etməklə və ya idman edərkən azalan, səhər yuxudan ayılan kimi başlayan ağrı. İdman etdikdən sonra daha yaxşı, sakit vəziyyətdə daha pis hiss edilən bel ağrıları və bu əlamətlərin mütəmadi olması. Erkən dövrlərində çəkinin azalması. Yorğunluq, temperatur və gecə tərləmələri.

Səbəbi: Tam olaraq bilinmir. Araşdırmalar nəticəsində  ankilozlaşdırıcı spondilitli xəstələrin 96%-ində genetik hüceyrələrdə (HLA-B27) – nin tapıldığı müəyyənləşdirilmişdir. Normal halda zərərsiz olan bəzi mikroorqanizmlər, HLA-B27 ilə əlaqəyə girirlər. Bəzi bağırsaq və ya sidik yolları xəstəlikləri ankilozlaşdırıcı spondilitin meydana çıxmasına şərait yaradırlar.

Ankilozlaşdırıcı spondilitdə qanda İgA-nın səviyyəsi yüksəlir, normoxrom-normositar anemiya müşahidə olunur.

Digər orqanlara təsiri: Gözlərdə ən çox uveit, ağrı, fotofobiya və görmənin pozulmasına rast gəlinir. Böyrəklərdə isə amiloidin yığılması nəticəsində böyrək çatışmazlığına səbəb ola bilir. Kardiovaskulyar sistemə zəif də olsa təsir göstərə bilir. Ağciyərlərin tamamilə ventilyasiya pozğunluqlarına da yol aça bilər. Bu isə öz növbəsində öskürmə, əsnəmə və asqırma zamanı döş qəfəsində ağrıların yaranmasına da səbəb olur.

Diaqnostik göstərici: Ütülənmiş bel mənzərəsi və ya bambuk qamışı fəqərəsi görünür.

 

Statistika: İngiltərədə 200  kişidən və 500 qadından 1-i bu xəstəlikdən əziyyət çəkir. ABŞ-da isə hər 1000 nəfərdən 1-də ankilozlaşdırıcı spondilit müəyyən olunmuşdur.

Ankilozlaşdırıcı spondilit yoxsa spondiloz? Eyni mənanı ifadə etmir. Spondiloz (kirəcləşmə) onurğanın aşınmasıyla əlaqəli bir xəstəlikdir və əsasən yaşlı insanlarda rast gəlinir. Ankilozlaşdırıcı spondilit isə yeni sümüklərin əmələ gəlməsi ilə əlaqədar daha çox gənc yaşlarda başlayan, tez yayıla bilən bir xəstəlikdir.

Kimlərdə rast gəlinir? Qadınlarda 3 dəfə çox rast gəlinir. Kişilərdə onurğanı daha çox tutur, döş qəfəsi, qalça, çiyin və ayaq sümükləri də tutula bilər. Qadınlarda ümumiyyətlə sakit gedişli olur. Xəstəliyin əlamətlərinin meydana çıxması ilə, diaqnozun qoyulması arasında keçən vaxt, qadınlarda (5 il), kişilərdə (3 il) daha uzundur. Hamiləlik və doğuşda heç bir problem yaratmır. 11 yaşdan aşağı uşaqlarda ankilozlaşdırıcı spondilitin əlamətlərinin görülməsi nadirdir. Tipik olaraq diz, ayaq və qalça oynaqları tutulur. Bəzən bel ağrısı olur.

Yataq və su rejimi. Yataq möhkəm olmalı və çökməməlidir. Yastığın qalınlığı daha az olmalı, qalın yastıqda yatmaq olmaz və yastığın qalınlığı mütləq yavaş-yavaş azaldılmalıdır. Gündə 20 dəqiqə arxası üstdə və düz şəkildə yatmağa çalışmaq lazımdır. Bu şəkildə onurğanızın ağırlığını azaltmağa nail olursunuz. Ən pis yatma forması yan və ayaqları qarına çəkərək yatmaqdır. Qalça və diz oynaqlarınız üçün bu forma çox təhlükəlidir. İsti su ağrı və gərginliyin azaldılmasında kömək olacaqdır. Səhər və gecə yatmadan öncə isti bir vanna və ya duş, xüsusilə məşqlə birlikdə edilsə daha effektli ola bilər. Yataqda isti su torbası və ya elektrikli ədyal istifadə edilə bilər.

Qidalanma rejimi və fitoterapiyası. Balıq və paxla kimi zülallarla zəngin qidalar yeyin. Vitaminlərlə zəngin göyərti və əsasən kalsium mineralına görə südlə qidalanmanız məsləhət görülür. Amma bunlarla bərabər artıq çəkidən yayının. Dəfnə toxumu, sarıkök və tikanburun suyu bu xəstəlik üçün çox xeyirlidir. Tikanburun suyundan səhər, axşam bir çay qaşığı, sarıkökdən bir xörək qaşığı içib, eyni vaxtda dazıotu yağı ilə boynunuzdan belinizə qədər sürtün. Spirtli içkilər qəti qadağandır. Ankilozlaşdırıcı spondilit ağciyərlərin hava tutumunu azaltdığına görə siqareti atmağınız məsləhət görülür. Akupunktura və aromaterapiya kimi alternativ müalicə metodları da mövcuddur.

İdman və fizioterapiya. Ankilozlaşdırıcı spondilit zamanı məşqlər gündə 2-3 dəfə olmaqla hər məşq zamanı 5-10 dəfə təkrar edin.

Məşq 1: Üz üstdə uzanarkən, əllərinizi başınızla birlikdə qaldırın, eyni zamanda sağ və ya sol ayağınızı ardıcıllıqla qaldırın.

Məşq 2: Üz üstdə qarnınızın altında bir balış qoyub uzanın, əllərinizi arxada birləşdirərək başınızı və sinənizi yuxarı qaldırın.

Məşq 3: Eyni hərəkətləri qollarınız yanınızda olaraq təkrarlayən.

Məşq 4: Üz üstdə uzanarkən ayaqlarınızı və qollarınızı uzadaraq gərnəşin.

Məşq 5: Ayaq üstdə durarkən əlləriniz belinizdə, arxaya doğru uzadın.

Məşq 6: Arxası üstdə yatanda bir ayağınızı dizinizi bükmədən yuxarı qaldırın, digər ayağınızla eyni hərəkəti təkrarlayın.

Məşq 7: Arxası üstdə uzanarkən dizləriniz yığılmış, pəncə yerdə olsun. Hər iki əlinizi ola biləcəyindən daha yuxarı istiqamətdə birləşdirin.

Məşq 8: Bir kresloda oturub çiyninizi yuxarı qaldırarkən döş qəfəsinizi dartın, hərəkəti hər iki tərəf üçün nəfəs alıb-verərək təkralayın.

Məşq 9: Qalın parçalı bir ədyalı sinənizin üst tərəfinə bağlayın və dərin nəfəs alıb-verərək, bu zaman döş qəfəsinizdəki maneəni hiss edin.

Məşq 10: Arxası üstdə yatanda başınızı qaldırmayaraq dizlərinizi sinənizə tərəf gətirin, məşqləri hər iki diz üçün birlikdə və ayrı-ayrı təkrarlayın.

Məşq 11: Arxası üstdə yatanda dizlərinizi bükün, çanağınızı qaldıra bildiyiniz qədər qaldırın və körpü vəziyyəti yaradın.

Məşq 12: Kürəyinizi divara dayayıb, bədəninizi tam şəkildə açın.

Uyğun analiz 1

Uyğun analiz 2

Uyğun analiz 3

Uyğun analiz 4



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!